BANK

24 İyul

JPMorgan kriptovalyuta aktivləri girovunda kredit proqramı üzərində işləyir

Finss.az - Dünyanın aparıcı banklarından olan JPMorgan müştərilərə kriptovalyuta aktivləri – əsasən Bitcoin və Ethereum – girov qoyulmaqla kredit verilə bilməsi imkanını araşdırır.

Financial Times qəzetinin mənbələrinə əsasən, bank bu istiqamətdə proqramı 2026-cı ildə işə salmağı planlaşdırır. Lakin planların hələ yekunlaşmadığı və dəyişə biləcəyi qeyd olunur. JPMorgan məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Bank rəhbəri Ceymi Daymonun kriptovalyutaya münasibəti son illərdə dəyişib. Əvvəllər Bitcoin haqqında sərt fikirlər söyləyən Daymon, son zamanlar kriptovalyutaların alınması və istifadəsi hüququnu müdafiə etdiyini açıqlayıb.

Maliyyə sektorunda kriptoaktivlərə münasibətin dəyişməsi bu kimi təşəbbüslərlə özünü göstərir. ABŞ-da iyul ayında qəbul edilmiş Genius Act qanunu da stablekoinlərlə ödənişləri tənzimləyərək bazarda şəffaflığı artırmağı hədəfləyir.

JPMorgan əvvəllər kriptovalyuta ETF-ləri əsasında kredit verəcəyini açıqlamışdı. Hazırda bank real kriptoaktivlərin girov olaraq istifadə edilməsi ilə bağlı imkanları qiymətləndirir. Bu addım rəqib bankların hələ tətbiq etmədiyi yenilik kimi qiymətləndirilir.

Lakin maliyyə təşkilatlarının kriptovalyutaya münasibətində əsas narahatlıq bu aktivlərin cinayətkar fəaliyyətlərdə, xüsusilə pul yuyulmasında istifadə edilməsidir. Texniki məsələlərdə isə bankın üçüncü tərəf xidmət provayderləri ilə əməkdaşlıq etməsi gözlənilir. Bu sahədə ABŞ-ın Coinbase birjası nümunə kimi göstərilir.