Finss.az - Azərbaycan Prezidenti tərəfindən imzalanan Fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.
Bu yeniliklər sayəsində Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzil almaq mümkün olacaq.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yeni qaydalara əsasən güzəştli ipoteka kreditinin məbləği işğaldan azad edilmiş ərazilərdəki yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz.
Deputat əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə ipoteka kreditlərinin aylıq ödənişi borcalanın məcmu gəlirinin 75 faizindən artıq olmamalıdır. Bu tələb yalnız ipoteka məbləği həmin ərazilərdəki ilkin bazar qiymətinin 60 faizindən az olduqda tətbiq edilməyəcək.
Bayramov qeyd edib ki, bu dəyişikliklər gənc ailələrə Qarabağ və Şərqi Zəngəzurda güzəştli ipoteka kreditləri ilə ev sahibi olmaq imkanı yaradacaq. Eyni zamanda, bu addım regionda məskunlaşma prosesini sürətləndirəcək və iqtisadi inkişafı təşviq edəcək.
“Bu, həm gənclərin mənzil təminatını yaxşılaşdıracaq, həm də işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək”, – deyə deputat vurğulayıb.