BANK

14 İyul

İlin I yarısında 8 milyard manat investisiya

Finss.az - Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində investisiya yatırılıb.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir.

Əldə olunan göstəricilər sektorlar üzrə ciddi fərqləri üzə çıxarır. Belə ki, neft-qaz sektoruna yatırılan sərmayələr 23,8 faiz azalıb, əvəzində qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 13,5 faiz artım göstərib. Bu, iqtisadiyyatın diversifikasiyası istiqamətində atılan addımların davam etdirildiyini göstərir.

İnvestisiyaların bölgüsü belə olub:

  • 50,4% (4 milyard 67,9 milyon manat) – məhsul istehsalına

  • 33,1% (2 milyard 672 milyon manat) – xidmət sahələrinə

  • 16,5% (1 milyard 333,6 milyon manat) – yaşayış evlərinin tikintisinə

İnvestisiyaların 75,2 faizi (6 milyard 70 milyon manat) daxili mənbələr hesabına həyata keçirilib. Əsas kapitala yönəldilən ümumi vəsaitin 78,2 faizi (6 milyard 314,3 milyon manat) isə tikinti-quraşdırma işlərinə sərf olunub.