İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanət verdiyi biznes kreditləri üzrə indiyədək cəmi 4 defolt halı qeydə alınıb.
Finss.az xəbər verir ki, bu barədə Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov məlumat verib.
Onun sözlərinə görə, bu cür aşağı defolt göstəricisi Fondun güclü anderrayter təhlil prosesi və xüsusi kredit reytinq modelinin tətbiqi ilə əlaqədardır:
“Bizim ənənəvi mexanizm çərçivəsində bankların təhlilindən fərqli olaraq daha dərin, orta səviyyəli təhlil prosesi həyata keçirilir. Bu da portfellərin sağlamlığını təmin edir.”
E.Kərimov qeyd edib ki, baş vermiş defolt hallarının hər biri obyektiv və qeyri-adi səbəblərlə bağlı olub:
“Qeydə alınmış 4 defolt halının hər biri real, istisna vəziyyətlərdir. Məsələn, birində yanğın nəticəsində biznes tamamilə yanaraq külə dönüb. Digər hallarda da bənzər fövqəladə səbəblər olub. Həmin hallarda Fond tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilib və ödənişlər təmin olunub.”
Qeyd edək ki, İKZF-nin zəmanət mexanizmi sahibkarlığın maliyyə resurslarına çıxış imkanlarını artırmaqla yanaşı, kredit risklərinin paylaşılmasını da təmin edir.
Fuad Mədətov
Finss.az