BANK

24 İyun

Ani ödənişlər 40%-dən çox artıb, rəqəmsal bankçılıqda dönüş mərhələsindəyik - Mərkəzi Bank rəsmisi

Finss.az - Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü (müavin) Vüsal Xəlilov "Fintex Sammit 2025" çərçivəsində çıxış edərək maliyyə texnologiyaları sahəsində baş verən dəyişikliklər və Mərkəzi Bankın bu istiqamətdəki fəaliyyət prioritetləri barədə ətraflı məlumat verib.
Fintexlərin yeni maliyyə paradiqmasında rolu
V.Xəlilov çıxışında qeyd edib ki, fintexlər son illər maliyyə sistemində müşahidə olunan əsas transformasiyaların aparıcı qüvvəsinə çevrilib. Bu qurumlar sürətli, təhlükəsiz və fərdiləşdirilmiş xidmətlərə olan tələbatı qarşılayaraq bazarda rəqabəti gücləndirir. Mərkəzi Bank fintexlərin inkişafı üçün açıq bankçılıq, paylanılmış KYC və Ani Ödənişlər Sistemi kimi layihələrə xüsusi önəm verir.
Tənzimləmə və nəzarət sahəsində yeniliklər
O çıxış zamanı bildirilib ki, Mərkəzi Bank 2024–2026-cı illəri əhatə edən “Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində risk əsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Yeni konsepsiyalara süni intellekt əsaslı modellərin geniş tətbiqi də daxildir.

“Nəzarət funksiyamız yalnız tənzimləmə deyil, rəqabətli bazar və etibarlı maliyyə mühitinin formalaşmasına da xidmət edir”, – deyə Xəlilov bildirib.

Ani ödənişlər və nağdsız əməliyyatlarda artım müşahidə olunur
2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin eyni dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə olunub.
2024-cü il ərzində ödəniş kartları vasitəsilə dövriyyə 126 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 27% artım deməkdir. 2025-ci ilin ilk dörd ayında ölkədaxili kart əməliyyatlarının 91%-dən çoxu nağdsız formada icra olunub.
İnsan kapitalına və texnologiyaya sərmayə
Rəqəmsal transformasiyanın əsas dayaqlarından biri kimi insan kapitalının inkişafına diqqət çəkən Vüsal Xəlilov bildirib ki, bu il dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı olan ICPC-nin finalı ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Burada OpenAI, Meta və Google kimi şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Bu tədbir ölkənin texnologiya sahəsində artan nüfuzunun göstəricisi kimi qiymətləndirilib.
Yeni standartlar və kibertəhlükəsizlik qaydaları
Mərkəzi Bank tərəfindən hal-hazırda İT idarəetməsi, data idarəedilməsi və süni intellekt üzrə idarəetmə çərçivələri hazırlanır. Bundan əlavə, 2024-cü ilin aprelindən qüvvəyə minmiş yeni Məlumat və Kibertəhlükəsizlik qaydaları sektorun dayanıqlılığını artırmağa yönəlib. Hazırda təşkilatlar bu qaydalara uyğun yol xəritələrini Mərkəzi Bankla razılaşdırır.
Əməkdaşlıq və güclü ekosistem çağırışı
Sonda Vüsal Xəlilov qeyd edib ki, maliyyə sektoru iştirakçıları bazarın inkişafı mövzusunda bir-birinə rəqib kimi deyil, strateji tərəfdaş kimi yanaşmalı və birlikdə fəaliyyət göstərməlidirlər.

“Biz tənzimləyici olmaqla yanaşı, təşəbbüskar və platforma yaradan tərəf kimi də çıxış edirik. Məqsədimiz açıq, rəqabətli və innovasiyaya dayalı maliyyə ekosistemi formalaşdırmaqdır”, – deyə Xəlilov əlavə edib.

Fuad Mədətov
Finss.az