2025-ci ilin birinci rübündə Azərbaycanın birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 144,1 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 239,6 milyon dollar azalıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə xaricdən cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 1,5 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalar isə 315,1 milyon dollar olub.
Ümumilikdə, birbaşa xarici investisiyalar üzrə 95,5 milyon dollar kəsir yaranıb.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 73,5% təşkil edir. 2025-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsində neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin azalması (-541,6 milyon dollar) cəlb olunmuş investisiyalar (1 116,6 milyon dollar) ilə kapitalın repatriasiyası (1 658,2 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumlarının xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşıb.
Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2,2 dəfə artaraq 402,4 milyon dollar olub ki, bunun bir hissəsi (146,9 milyon dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlıdır.
Fuad Mədətov
Finss.az