2025-ci ilin birinci rübündə Azərbaycanın əmtəə ixracı 0,5% artaraq 6,2 milyard dollar təşkil edib. Bu dövrdə əsasən dünya bazarlarında xam neft və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5,5 milyard dollar olub.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ixrac olunan neft-qaz məhsullarının 3,5 milyard dolları xam neftin, 1,9 milyard dolları təbii qazın, 0,1 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Qeyri-neft-qaz ixracı isə 11,8% artaraq 0,7 milyard dollar olub.
Hesabat dövründə əmtəə idxalı 7,2% artaraq 3,8 milyard dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 1,6 milyard dollar olub ki, bunun da 0,6 milyard dolları ərzaq məhsullarına aiddir. Qeyri-neft-qaz sektoru üzrə idxal 8,2% artaraq 3,3 milyard dollar olub.
Qeyri-neft-qaz idxalının strukturunda kərə yağının (43,0%), tərəvəz məhsullarının (29,9%), dənli bitkilərin (19,8%), traktorların (15,9%), minik avtomobillərinin (13,2%), ətir və kosmetik vasitələrin (8,7%), alkoqollu və alkoqolsuz içkilərin (5,6%), kağız məmulatlarının (5,1%) və tütün məhsullarının (0,9%) idxalı artıb.
Eyni zamanda, hesablama maşınlarının (38,4%), yük avtomobillərinin (24,0%), bitki yağlarının (23,2%), kommutasiya qurğularının (20,0%), sabun və yuyucu vasitələrin (13,7%), kran, klapan və boru kəməri armaturlarının (12,3%), şəkərin (6,9%), əczaçılıq məhsullarının (4,2%), metalların (2,4%), daş və şüşə məmulatlarının (0,5%) və mebel məhsullarının (0,1%) idxalı azalıb.
İdxal strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,2% təşkil edərək 0,1 milyard dollar olub.
Fuad Mədətov
Finss.az