Bu ilin mayın 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,134 milyard manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici mart ayının sonu ilə müqayisədə 62 milyon manat və ya 2%, son bir ildə isə 373 milyon manat, yaxud da 13,5% artıb.
Belə ki, martın sonunda Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,072 milyard manat, ötən ilin aprel ayının sonunda isə 2,761 milyard manat olmuşdu.
Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur. Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.
Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.
Məlumat üçün bildirək ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 181,5 min ədəddir. Mikrosahibkarlıq subyektlərinin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,1%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (11,4%), “Tikinti” (9,2%), “Peşə, elmi və texniki fəaliyyət” (7,8%) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,6%) sahələrində yaradılıb.
Fuad Mədətov
Finss.az