BANK

29 May

Freedom Holding Portuqaliya bank bazarına giriş planlarını 2026-cı ilə təxirə saldı

Finss.az  — Freedom Holding Portuqaliyanın bank sektoruna çıxış planlarını 2026-cı ilə qədər təxirə salıb.

Bu barədə «İnterfaks-Qazaxıstan» agentliyi holdinqin rəhbəri Timur Turlovun Astana şəhərində keçirilən beynəlxalq forum zamanı verdiyi açıqlamaya istinadla məlumat yayıb.

Turlov bildirib ki, hazırda şirkətin Portuqaliyada almaq üçün konkret bank obyektinə dair planları yoxdur və aktiv axtarış prosesi dayandırılıb. Holdinq rəhbərinin sözlərinə görə, bu məsələ ilə bağlı qərar və fəaliyyətlər gələn il yenidən nəzərdən keçiriləcək.

Şirkət Portuqaliya bank bazarına çıxış üçün qlobal marağını davam etdirir, lakin bunun üçün bazar şəraitinin əlverişli olması, investisiya üçün uyğun hədəfin tapılması və zəruri resursların ayrılması kimi şərtlər lazımdır.

Xatırladaq ki, keçən ilin baharında Freedom Holding Portuqaliyada kiçik bir bankın alınmasını nəzərdən keçirirdi və əməliyyatın 2025-ci ildə həyata keçirilməsi planlaşdırılırdı. Lakin due diligence yoxlamalarından sonra bu istiqamətdə qərar hələ qəbul olunmayıb.

Freedom Holding Corp. ABŞ-ın Nevada ştatında qeydiyyatdan keçmiş və 22 ölkədə, o cümlədən Azərbaycan, Qazaxıstan, ABŞ, Kipr, Polşa və İspaniyada fəaliyyət göstərən beynəlxalq holdinqdir. Şirkətin səhmləri Nasdaq birjasında ticarət olunur, təsisçisi isə Timur Turlovdur.