Azərbaycan Beynəlxalq Bankı aqrar sektorda fəaliyyət göstərən sahibkarlar və hüquqi şəxslər üçün "Aqroinkişaf" adlı yeni kredit məhsulunu təqdim edib.
Finss.az xəbər verir ki, bu kredit növü kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədi daşıyır və həm manat, həm də xarici valyutada təqdim olunur. Müştərilər bu məhsul vasitəsilə bizneslərini genişləndirmək, dövriyyə və əsas vəsaitlərini artırmaq imkanına sahib olurlar. Kreditin maksimal məbləği 1 milyon manat və ya onun xarici valyutada ekvivalentidir, müddəti isə 60 ayadək müəyyən olunub. İlkin faiz dərəcəsi manatla 12 faizdən, valyutada isə 5 faizdən başlayır. Məbləğdən asılı olaraq faiz dərəcələri dəyişə bilər – 100 min manata qədər olan kreditlər üçün bu rəqəm 14 faizdən, daha yüksək məbləğlər üçün isə 12 faizdən başlayır. Kredit üzrə ödənişlər annuitet, proporsional, individual və ya sərbəst qrafiklə həyata keçirilə bilər. Bundan əlavə, 24 ayadək güzəşt müddəti də tətbiq olunur ki, bu da xüsusilə mövsümi fəaliyyət göstərən fermer və aqrar sahə nümayəndələri üçün rahatlıq yaradır. ABB-nin bu məhsulu kənd təsərrüfatının maliyyə təminatına çıxış imkanlarını artırmaqla yanaşı, regionlarda dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə də xidmət edir.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/aqro-inkisaf-krediti
Fuad Mədətov
Finss.az