BANK

15 May

Yenilənmiş AZIR indeksi manat bazarının inkişafına təkan verəcək - AYİB rəhbəri

Azərbaycan Mərkəzi Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) əməkdaşlığı nəticəsində Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin hesablanması və dərc olunması metodologiyası yenilənib.

Finss.az xəbər verir ki, yeni metodologiya 30, 90 və 180 günlük toplanan faiz dərəcələrini və ümumi AZIR toplanan faiz indeksini əhatə edir.

Bu yeniliklər bazara daha etibarlı istinad faiz dərəcəsi təqdim etməklə, manatla ifadə olunan maliyyə alətlərinin inkişafına təkan verir, pul siyasətinin ötürülmə effektivliyini artırır və banklararası bazarın aktivliyini gücləndirir.

AYİB-in Azərbaycandakı rəhbəri Natali Muravidze bildirib ki, AZIR indeksinin yenilənməsi ölkənin maliyyə bazarlarının müasirləşməsi və inkişafı baxımından dönüş nöqtəsidir. O, bu addımı Azərbaycan iqtisadiyyatının dayanıqlılığının və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm mərhələ kimi dəyərləndirib.

Fuad Mədətov
Finss.az