BANK

30 Aprel

Azərbaycanın ödəniş bazarında “American Express” kartları ilə əməliyyat həcmi artıb

Bu ilin yanvar-mart aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 800 ədəd, əməliyyatların ümumi həcmi isə 600 min manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə “American Express” kartları ilə aparılan əməliyyatların sayı dəyişməz qalsa da, əməliyyatların həcmi 100 min manat və ya 20% artıb.

Xatırladaq ki, 2023-cü ilin ilk rübündə Azərbaycanda qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları ilə 800 əməliyyat icra olunmuş, ümumi dövriyyə isə 500 min manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin ilk rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi bütün növ ödəniş kartları vasitəsilə ölkədə ümumilikdə 900,1 min əməliyyat aparılıb. Bu əməliyyatların ümumi həcmi isə 86,5 milyon manat olub.

Xatırlatma üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan (yəni xarici) banklar və maliyyə qurumları tərəfindən buraxılmış kartlardır. Qeyri-rezident isə ölkədə daimi qeydiyyatda olmayan və ya xaricdə yerləşən hüquqi və ya fiziki şəxs hesab olunur.

Fuad Mədətov
Finss.az