Finss.az - 2025-ci ilin 1-ci rübü ərzində "REGİONAL" Bank Olmayan Kredit Təşkilatının (BOKT) maliyyə göstəriciləri müsbət nəticələrlə yekunlaşıb.
Biznes xəbər portalına verilən məlumata görə, şirkətin gəlirləri 421,9 min AZN, xərcləri isə 372,2 min AZN təşkil edib. BOKT-nın ilin ilk üç ayında əldə etdiyi mənfəət 49,7 min AZN olub. Keçən ilin eyni dövrü ilə müqayisədə mənfəət 23,9 min AZN idi ki, bu da 108,8% artımı göstərir.
Qeyd edək ki, ilin əvvəlindən kredit portfeli 4,5% artaraq 4,4 milyon manata çatıb. Bu, təşkilatın iqtisadi artımını və müştərilərə göstərdiyi xidmətin genişlənməsini əks etdirir.
"REGİONAL" BOKT, AR Mərkəzi Bankının fevral ayında qüvvəyə minmiş yeni tənzimləmə qaydalarına uyğun olaraq, öz nizamnamə kapitalını 500 min manatdan 1,1 milyon manata artırıb. Bu addım kredit portfelinin təsnifləşdirilməsinə uyğun olaraq xüsusi ehtiyatların yaradılmasına şərait yaradıb və şirkətin maliyyə dayanıqlığını gücləndirib.
Şirkət 2014-cü ildə təsis edilib və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. "REGİONAL" BOKT, mikrokreditlər, istehlak və digər kredit növlərini təqdim etməklə yanaşı, qanunvericiliyə uyğun digər fəaliyyətlərlə də məşğuldur. Şirkət, müştərilərlə uzunmüddətli və şəffaf əməkdaşlıq əlaqələri qurmağa, xidmət keyfiyyətini yüksəltməyə və sağlam biznes münasibətləri formalaşdırmağa davam edir.