Çərşənbə günü axşam bəzi OPEC+ ölkələrinin hasilatı artırmağa çalışdığına dair fərziyyələr nəticəsində neft qiymətləri kəskin ucuzlaşıb.
Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 17:54-ə olan vəziyyətə görə 1,34 dollar (1,99%) ucuzlaşaraq bir barel üçün 66,10 dollar olub.
Nyu-York əmtəə birjasında (NYMEX) iyun ayı üçün WTI neftinin fyuçersləri 1,14 dollar (1,79%) ucuzlaşaraq 62,53 dollar/barelə bərabər olub.
Reuters məlumatlı mənbələrə istinadən xəbər verir ki, bir sıra OPEC+ ölkələri alyans daxilində kvotalara əməl olunması ilə bağlı mübahisələrin kəskinləşməsi fonunda iyun ayında neft hasilatının artımını sürətləndirməyi təklif etməyə hazırlaşır.
OPEC+ ölkələri iyunun hasilat planlarını müzakirə etmək üçün mayın 5-də bir araya gələcək. Mənbələr bildiriblər ki, bəzi alyans üzvləri hasilatı may ayı ilə eyni miqdarda və ya gündəlik 411 min barel artırmaq istəyirlər.