BANK

15 Aprel

Müddətli depozitlərin artımı bank sektorunun dayanıqlılığını gücləndirib

Bank sektorunda müddətli depozitlərin artması uzunmüddətli aktiv generasiyası imkanlarını genişləndirib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əksini tapıb.

Cari ildə hüquqi şəxslərin tələbli depozitləri 1% (0.2 mlrd. manat) artaraq 17.58 mlrd. manat, müddətli depozitləri isə 29% (1.32 mlrd. manat) artaraq 5.8 mlrd. manat təşkil edib.

Fiziki şəxslərin müddətli depozitləri 25% (1.72 mlrd. manat) artaraq 8.6 mlrd. manata çatıb. Tələbli depozitlərdə isə ciddi dəyişiklik qeydə alınmayıb.

Hesabatda qeyd olunur ki, müddətli depozit portfelində fiziki şəxslərin unikal sayı ötən illə müqayisədə 41.2% artaraq 150.5 min nəfərə çatıb. Bu artım bank sektoruna inamın yüksəlməsi, yeni monetar və makroprudensial siyasət çərçivələri və rəqəmsallaşmanın təsiri ilə izah olunur.

Yeni əmanətçilərin bank sisteminə daxil olması maliyyə inklüzivliyinin artımını və bankların sabit maliyyələşmə mənbələrinin güclənməsini göstərir.

Fuad Mədətov
Finss.az