Azərbaycan üçün 2024-cü il beynəlxalq konyunktur baxımından əlverişli olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, ötən il tədiyə balansının cari əməliyyatlar hesabında 4.7 milyard ABŞ dolları məbləğində profisit qeydə alınıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 6.3%-ni təşkil edir.
Hesabat ilində ölkənin xarici ticarət dövriyyəsi 47.6 milyard dollar olub. Bunun 26.6 milyard dolları ixracın, 21.1 milyard dolları isə idxalın payına düşüb. Beləliklə, xarici ticarət balansında 5.5 milyard dollar və ya ÜDM-in 7.4%-i qədər profisit formalaşıb.
Qeyri-neft-qaz məhsullarının ixracı ümumi ixracda 12.6% paya malik olub. Bu göstərici 2023-cü illə müqayisədə 2.8 faiz bəndi artım deməkdir. Ölkə 2024-cü ildə 180 ölkə ilə ticarət əlaqələri qurub. Xarici ticarət dövriyyəsinin 41%-i Avropa İttifaqı ölkələri, 59%-i isə digər ölkələrlə aparılıb. Həmçinin ticarətdə özəl sektorun payı 56% təşkil edib.
Fuad Mədətov
Finss.az