Fins.az - İngiltərə Bankının fevral ayı iclasında, iqtisadi stagnasiya fonunda, əsas faiz dərəcəsini 25 bənd azaldacağı gözlənilir.
Analitiklər və bazar iştirakçılarının əksəriyyəti, faiz dərəcəsinin 4,75%-dən 4,5%-ə endiriləcəyini proqnozlaşdırır. İclasın nəticələri bu gün açıqlanacaq.
2024-cü ildə İngiltərə Bankı, avqust və noyabr aylarında faiz dərəcəsini iki dəfə endirmişdi. Daha əvvəl isə 16 ildə ən yüksək səviyyə olan 5,25%-ə çatmışdı. Böyük Britaniyanın ÜDM-si 2024-cü ilin üçüncü rübündə əvvəlki dövrlərlə müqayisədə dəyişməyib, iqtisadi artım gözləntiləri isə 0,1% idi.
Goldman Sachs-ın Avropa bazarı üzrə baş iqtisadçısı Yari Stern, zəif iqtisadi göstəricilər, əmək bazarının pisləşməsi və xidmətlər sektorunda inflyasiyanın yavaşlaması fonunda, faiz dərəcəsinin azaldılması qərarının geniş dəstəklənəcəyini bildirib. Məlumatlara görə, Pul-kredit Siyasəti Komitəsinin doqquz üzvündən səkkizi faiz dərəcəsini azaldacaq, lakin Kathryn Mannın bu qərara qarşı çıxması ehtimalı var.
Bazar iştirakçıları, 2025-ci ildə üç dəfə faiz endirilməsi gözləyir. Lakin, inflyasiyanın hələ də yüksək olması tənzimləyicinin qarşısında böyük bir problem olaraq qalır. Dekabr ayında istehlak qiymətləri illik 2,5% artıb, lakin hədəf səviyyəsi olan 2%-dən yüksəkdir.
İngiltərə Bankı, cümə axşamı günü yenilənmiş makroiqtisadi proqnozları təqdim edəcək və iqtisadi artım proqnozunun aşağı salınması gözlənilir. Pantheon Macroeconomics-in ekspertləri, enerji qiymətlərinin artması ilə inflyasiyanın ümumilikdə 3%-ə qalxacağı ehtimalını irəli sürürlər.