Qazaxıstan və Azərbaycanın Mərkəzi Bankları pul-kredit siyasəti məsələləri üzrə təcrübə mübadiləsi aparıb.
Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Bankının mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş keçirilib. İki günlük proqram çərçivəsində iştirakçılar kommunikasiya və informasiya siyasəti məsələləri üzrə təcrübə mübadiləsi aparıblar”, -məlumatda qeyd olunur.
Görüşlərdə eyni zamanda, pul-kredit siyasətinin əsas aspektlərinin izah edilməsi yanaşmaları və tənzimləyicilərin rəsmi kommunikasiya kanallarının inkişafı üçün alətlər müzakirə edilib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında başda bankın sədri Timur Süleymanov olmaqla Qazaxıstan Milli Bankından olan nümayəndə heyəti Azərbaycana səfər edib. Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında olan əlaqələrin hazırki səviyyəsi yüksək qiymətləndirilib, həmçinin son zamanlar dayanıqlı inkişaf templərində müşahidə olunan irəliləyişlər təqdir edilib, mövcud makroiqtisadi situasiya, aparılan pul-kredit siyasəti, ödəniş sistemləri, müasir maliyyə texnologiyaları və başqa istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, vurğulamaq vacibdir ki, 2023-cü ildə iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd çərçivəsində monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsi, eləcə də ikitərəfli səfərlərin təşkili nəzərdə tutulub.
Fuad Mədətov
Fins.az