BANK

05 Fevral

Bankların kənd təsərrüfatı sahəsinə verilən kreditlər artıb

Fins.az - 2024-cü ilin sonlarına olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən banklar kənd təsərrüfatı sahəsinə 1 milyard 786 milyon manat dəyərində biznes kreditləri verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bankların kənd təsərrüfatına verdiyi kreditlər, 2023-cü ilin sonu ilə müqayisədə 263,1 milyon manat və ya 17,3 faiz artıb. 2023-cü ilin sonunda bu rəqəm 1 milyard 523 milyon manat olub.

Bundan əlavə, 2024-cü ilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların ümumi biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 2 milyard 170 milyon manat və ya 17,2 faiz artım deməkdir. 2023-cü ilin sonunda isə bankların biznes kredit portfeli 12,6 milyard manat olub.

Bu artım, kənd təsərrüfatı sektorunun inkişafına və ölkə iqtisadiyyatının gücləndirilməsinə təkan verən mühüm bir göstəricidir. Bankların bu sahəyə yönələn sərmayələri, aqrar sektorun inkişafına və regional iqtisadiyyatın güclənməsinə mühüm dəstək təmin edir.