BANK

10 Aprel

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 25,1 dəfə artırıb

Ötən il Fransadan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 121,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, 2023-cü illə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyalar 117 milyon ABŞ dolları və ya 25,1 dəfə artıb.

Hesabat ilində Azərbaycana cəlb olunan ümumi birbaşa xarici investisiyalar həcmi daxilində Fransadan yatırılan investisiyaların payı 1,7% olub.

Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,2 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb. Bu, 2023-cü illə müqayisədə 479 min ABŞ dolları və ya 2,4% azalma deməkdir.

Azərbaycanın ümumi xaricə yönəltdiyi birbaşa xarici investisiyalar içərisində Fransaya yatırılan vəsaitlərin xüsusi çəkisi 1,1% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,9 milyon ABŞ dolları, əks istiqamətdə – Azərbaycandan Fransaya yatırılan investisiyaların həcmi isə 19,7 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ilində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az