BANK

10 Aprel

Azərbaycandan Birləşmiş Krallığa pul köçürmələri azalıb, əks istiqamətdə artıb

Ötən il Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 28,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 15,6% azalma ilə müşahidə olunub.

Hesabat ilində ölkədən həyata keçirilən ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 5,4% olub.

Bununla yanaşı, ötən il Birləşmiş Krallıqdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 34 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 818 min ABŞ dolları və ya 2,5% artım deməkdir.

Hesabat dövründə ölkəyə daxil olan ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 3,1% səviyyəsində olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 33,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 33,2 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub. Bu göstərici 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.

Fuad Mədətov
Finss.az