MÜSAHİBƏ

08 Aprel

Çindən Azərbaycana yönələn investisiyalar 4,2 dəfə artıb

Ötən il Çinin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 17,572 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü il ilə müqayisədə ötən il Çindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 13,434 milyon ABŞ dolları və ya 4,2 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən yatırılan investisiyaların payı 0,2% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Çin iqtisadiyyatına 2,769 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ilə nisbətən 2,665 milyon ABŞ dolları və ya 49% azdır. Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

2023-cü ildə Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,138 milyon ABŞ dolları, Azərbaycandan isə 5,434 milyon ABŞ dolları sərmayə Çinə yönəldilib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları olub, bu da 2023-cü il ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,762 milyard ABŞ dolları olub, bu da 2023-cü ilə nisbətən 1,354 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az