BANK

31 Mart

Asiya İnkişaf Bankı ekoloji dayanıqlı şəhər layihələrinə dəstək verir

Finss.az - Asiya İnkişaf Bankı (ADB), “Asiya və Sakit Okean hövzəsində şəhərlər üçün daha ekoloji, dayanıqlı və inklüziv yanaşmaların tətbiqi” layihəsini reallaşdırmaq üçün 2,1 milyon ABŞ dolları məbləğində texniki yardım ayırdığını təsdiqləyib.

Layihə, Azərbaycan da daxil olmaqla 11 ölkəni əhatə edir və ətraf mühitin qorunması və şəhər inkişafının daha dayanıqlı bir şəkildə həyata keçirilməsi məqsədini güdür.

Bu layihə Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşal adaları, Solomon adaları və Özbəkistanı əhatə edir. Layihənin məqsədi, inkişaf etməkdə olan ölkələrə ekoloji cəhətdən dayanıqlı, iqlimə uyğun və inklüziv şəhər inkişafı üçün inteqrasiya olunmuş həllərin layihələndirilməsi və qiymətləndirilməsi sahəsində dəstək verməkdir.

Layihə Şəhər Maliyyələşdirmə Partnyorluğu Mexanizmi çərçivəsində maliyyələşdiriləcək və əsasən üç fondun vəsaiti ilə həyata keçiriləcək: Şəhər Dayanıqlılığı üzrə Məqsədli Fond (1 milyon ABŞ dolları), Su İnovasiyaları üzrə Məqsədli Fond (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondu (600 min ABŞ dolları).

ADB-nin açıqlamasına görə, bu layihə vasitəsilə müxtəlif donorlar tərəfindən maliyyələşdirilən əlavə sublayihələr cəlb ediləcək və ardıcıl olaraq həyata keçiriləcək. Bu yanaşma, ayrı-ayrı təşəbbüslərlə müqayisədə daha səmərəli tədbirlərin görülməsinə imkan verəcək.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollardan çox kredit ayırıb, o cümlədən nəqliyyat sahəsində 1,5 milyard ABŞ dolları və enerji sahəsində 1,7 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərib. Eyni zamanda, ADB səhiyyə, kənd təsərrüfatı və maliyyə sektorlarında da müxtəlif layihələri dəstəkləyib.

Hazırda, ADB Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Bu strategiyada prioritet sahələrə "yaşıl" infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın diversifikasiyası və "yaşıl" bacarıqların inkişafı daxildir.

Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb və baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın tərkibinə 69 ölkə daxildir, onlardan 49-u Asiya-Sakit Okean regionunda yerləşir. ADB, üzv ölkələrin iqtisadi və sosial inkişafını dəstəkləyərək onların davamlı inkişafını təmin etmək məqsədini güdür.