BANK

28 Dekabr

Kənan Bədəlov: “Açıq bankçılıq”la yeni biznes modelləri, maliyyə məhsul və xidmətləri yaradıla bilər”

Fins.az - Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilib ki, bu da “Açıq bankçılıq” yanaşmasının tətbiqinə imkan verəcək.

Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.

“Açıq bankçılıq” sisteminin xüsusiyyətləri, onun təqdim edəcəyi yeni xidmətlərlə bağlı “vergiler.az”ın suallarını Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsinin rəhbəri Kənan Bədəlov cavablandırıb:  

- Kənan müəllim, öncə aydınlaşdıraq ki, “Açıq bankçılıq” nədir və hansı xüsusiyyətləri ilə fərqlənir?

- “Açıq bankçılıq” maliyyə sektorunda innovativ bir yanaşmadır. Bu sistem bankların müştəri məlumatlarını onların razılığı və Mərkəzi Bankın nəzarəti altında müəyyən şərtlər əsasında digər maliyyə qurumları və maliyyə xidmət təminatçıları ilə paylaşmasını təmin edir.

- Layihədə nələr nəzərdə tutulur və hazırda hansı mərhələdədir?

- 2025-ci il ərzində Mərkəzi Bank tərəfindən Hesab Məlumatları Xidməti (AİS) üzrə testlərin bitməsi və istehsalat mühitində banklara həllin təqdim edilməsi planlaşdırılır. Bununla yanaşı, Ödəniş Əməliyyatları Xidməti (PİS) üzrə yeni funksionallığın da istifadəyə verilməsi, eyni zamanda “Açıq maliyyə” yanaşması üzrə konsepsiyanın formalaşdırılması və təsdiqi planlaşdırılır.

- Hansı maliyyə qurumları “Açıq bankçılıq” platformasına qoşula, xidmət göstərə bilər?

- İlk dövrlərdə platformaya bankların qoşulması nəzərdə tutulur. Daha sonra Mərkəzi Bankdan müvafiq lisenziyaları əldə etmiş elektron pul təşkilatları və ya ödəniş təşkilatlarının inteqrasiyası planlaşdırılır.

Qeyd edim ki, sistemə qoşulmuş təşkilatlar üçün bərabər şəraitin təmin olunması nəticəsində yeni biznes modelləri, maliyyə məhsul və xidmətləri yaradıla bilər. “Super APP” maliyyə tətbiqi, süni intellekt əsaslı fərdiləşmiş maliyyə məsləhətçi assistenti, fərdiləşmiş məhsul və xidmət təklifləri və bir çox digər maliyyə xidmətləri buna nümunə ola bilər.

- Onlayn mühitdə fərdi məlumatların qorunması aktual olaraq qalır. Bu məsələ necə tənzimlənəcək?

- “Açıq bankçılıq” sistemində texniki olaraq fərdi və maliyyə məlumatlarının qorunmasına dair bir sıra mexanizm və yanaşmalar tətbiq edilir. Hər bir məlumatın istifadəsi zamanı o məlumatların sahibi tərəfindən “GMA” (gücləndirilmiş müştəri autentifikasiyası) ilə razılıq verilir və Mərkəzi Bank tərəfindən real istehsalat mühitində monitorinq aparılır.

- “Açıq bankçılıq” vətəndaşlara nə verəcək?

- Əsas məqsəd son istehlakçılara daha geniş maliyyə xidmətləri seçimi, maliyyə əməliyyatları zamanı daha rahat və şəffaf proseslər təklif etməkdir.