Təhsil Tələbə Krediti Fondunun elektron portalına indiyə qədər 58 mindən çox müraciət daxil olub və nəticədə 46 minə yaxın Təhsil Tələbə Krediti (TTK) müqaviləsi bağlanıb.
Fins.az xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov media brifinqində məlumat verib.
Onun sözlərinə görə, bu müraciətlərin icrası üçün ümumilikdə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.
B.Əzimov əlavə edib ki, Fond, təbliğat və maarifləndirmə işləri çərçivəsində respublika üzrə ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində genişmiqyaslı görüşlər keçirib. Bu görüşlərdə 55 minə yaxın şəxs iştirak edib.
Eyni zamanda, Fondun qaynar xətti və sosial media hesabları vasitəsilə 45 minə yaxın zəng və 90 mindən çox müraciət cavablandırılıb. Vətəndaş qəbuluna yazılan 1000-ə yaxın şəxsin müraciətləri də araşdırılaraq onlara müvafiq dəstək göstərilib.
Bu fəaliyyətlər, Fondun təhsil sahəsində əlçatanlığı artırmaq və tələbələrə geniş maliyyə dəstəyi təmin etmək istiqamətində atdığı mühüm addımlardır.
Fuad Mədətov
Fins.az