Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
İndiyədək bu mexanizm vasitəsilə 6121 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1735-i cari ildə bağlanmış müqavilələrin payına düşür.
Bu barədə Fins.az Fonddan məlumat verilib.
Məlumata görə, satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Fuad Mədətov
Fins.az