10 dekabr 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Polşa Banklar Assosiasiyasının dəvəti ilə Polşa Respublikasında səfərdə olub.
Bu barədə Fins.az-a ABA-dan məlumat verilib.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dr. Nərgiz Qurbanovanın yaxından dəstəyi ilə baş tutan səfər zamanı Yunus Abdulov Polşa Banklar Assosiasiyasının (PBA) prezidenti Tadeuş Bialek ilə görüş keçirib. İki ölkənin Assosiasiyaları arasında “Əməkdaşlıqa dair” Memorandum imzalanıb.
Memorandum iki Assosiasiyaları üzv təşkilatları arasında qarşılıqlı, faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək məqsədi daşıyır. Sənədə görə, ABA və PBA bank və maliyyə sahəsində seminarlar, forumlar, konfranslar və digər tədbirlərin təşkili üçün birgə əməkdaşlıq, həmçinin Polşa və Azərbaycan bank-maliyyə əlaqələrinin möhkəmləndirilməsi qərarına gəliblər.
Bundan əlavə, səfər çərçivəsində, ABA-nın icraçı direktoru Yunus Abdulov və Varşava Bank İnstitunun İdarə Heyətinin sədr müavini Mariola Şimanska arasında işgüzar görüş baş tutub. Görüşdə birgə təlim-tədris sahəsində əməkdaşlıq və mübadilə proqramlarının təşkili istiqamətində müzakirələr aparılılıb.
Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Beynəlxalq Bank Şurasını buna misal gətirmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.
Zemfira Ms
Fins.az