BANK

06 Dekabr

AİB qeyri-suveren maliyyələşdirməni izləyən yeni platforma istifadəyə verib

Avrasiya İnkişaf Bankı (AİB) Avrasiya regionunda beynəlxalq maliyyə təşkilatlarından yönəldilən qeyri-suveren investisiyaların izlənməsi üçün yeni analitik layihə təqdim edib. Yeni yaradılmış "Non-Sovereign Financing Database" (NSF Database) adı altında verilənlər bazası, regionda qeyri-suveren maliyyələşdirmənin operativ monitorinqi və təhlili üçün nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bu verilənlər bazasında Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avrasiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Yeni İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər beynəlxalq maliyyə təşkilatlarının məlumatları toplanıb.

NSF verilənlər bazası hər rüb yenilənəcək və Avrasiya regionu ölkələrinin hökumətlərinə və ekspertlərə beynəlxalq maliyyə təşkilatlarından daxil olan qeyri-suveren investisiyalar barədə tam məlumat təmin edəcək. Bazada 2008-2023-cü illər arasında 1712 əməliyyat haqqında məlumatlar mövcuddur.

AİB-in baş iqtisadçısı Yevgeni Vinokurov qeyd edib ki, bu verilənlər bazası vasitəsilə sektorlara, valyutalara və digər parametrlərə görə analitik seçimlər etmək mümkündür və bazadakı məlumatlar inkişaf siyasətinin formalaşdırılmasında dəyərli vasitə olacaq.