Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin və onlarla bağlı xidmət təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsi üzərində işləyir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
O, qeyd edib ki, 2024–2026-cı illər üçün maliyyə bazarlarının inkişafı strategiyası çərçivəsində virtual aktivlər və onların xidmət təminatçıları ilə bağlı qanun layihəsi hazırlanır. Həmçinin, paylanmış reyestrlərlə bağlı zəruri normativ-hüquqi bazanın yaradılması planlaşdırılır. Bankların funksionallığı ilə bağlı tələblərin isə İOS kontekstində işlənib hazırlanması nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “2024–2026-cı illər üçün maliyyə sektorunun inkişaf strategiyası” ölkədə sığorta, kapital bazarları, ödəniş sektoru və bank sektorunun sabitliyinin gücləndirilməsi kimi prioritetləri müəyyən edir. Bu sənəddə maliyyə əlçatanlığının artırılması, maliyyə xidmətlərinin genişləndirilməsi, maliyyə alətlərinin diversifikasiyası, səmərəliliyin artırılması və korporativ idarəetmənin tətbiqi kimi məqsədlər də öz əksini tapıb. Strateji sənəd, həmçinin rəqəmsal maliyyə, dayanıqlı maliyyələşmə və maliyyə biliklərinin genişləndirilməsi istiqamətlərini də əhatə edir.