2024-cü ilin 9 ayı ərzində banklararası pul bazarında faizləri tənzimləmək, avtonom amillərin təsirlərini operativ şəkildə məhdudlaşdırmaq üçün keçirilən sterilizasiya məqsədli 7 günlük repo əməliyyatlarının 22-si baş tutub. Bu alət üzrə son hərracda formalaşan gəlirlilik 6.99% olub.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, dövr ərzində pul siyasəti alətlərinin kəmiyyət parametrləri likvidliyin monitorinqi və proqnozlaşdırılması əsasında müəyyən edilmişdir. Hesabat dövründə likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemi beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilmişdir. Sterilizasiya əməliyyatları ilə yanaşı, hesabat dövründə bankların likvidliyə olan ehtiyacının qarşılanması məqsədilə 1 günlük daimi imkan qismində əks-repo əməliyyatları da keçirilib. 2024-cü ilin 9 ayı ərzində bu əməliyyatların orta günlük həcmi 166.3 mln. manat olub. O cümlədən bu göstərici I rübdə 10 mln. manat, II rübdə 96.7 mln. manat, III rübdə isə 213.4 mln. manat olub.
Fuad Mədətov
Fins.az