2024-cü ilin 9 ayında artan qeyri-müəyyənliklər fonunda qlobal iqtisadi artım davam edib.
Bu barədə Fins.az Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Bildirilib ki, geosiyasi gərginliklər, xüsusilə ticari proteksionizm və geoiqtisadi parçalanmalar qlobal iqtisadi aktivlik və inteqrasiya üçün çətinliklər yaratmağa davam edib. Qeyd olunub ki, qlobal risklərə baxmayaraq inflyasiyanın azalması prosesi davam edib və əksər ölkələrdə monetar siyasətin yumşaldılması başlayıb: “2024-cü ilin ötən dövründə qlobal iqtisadiyyat dayanıqlılıq nümayiş etdirmişdir. Hesabat dövründə qlobal iqtisadiyyatda aktivlik, o cümlədən istehsalçılar və istehlakçıların davranışlarını ehtiva edən göstəricilər əsasən stabil olmuşdur.
Biznes İnam İndeksi (Bİİ) və İstehlakçı İnam İndeksinin (İİİ) dinamikasını formalaşdıran amillərə iqtisadi qeyrimüəyyənliklər, qiymət artımı ilə bağlı risklər, geosiyasi risklər və təchizat zəncirindəki problemlər aiddir. Kompozit Aparıcı İndikatorun (KAİ)4 trendli olmasının səbəbləri arasında iqtisadi canlanma, istehsal və investisiyaların artması və ticarətdə müsbət dinamikalar yer alır. Bu amillər iqtisadiyyatın gələcəkdəki inkişafını və aktivliyini artıran siqnalları əks etdirir”.
“İstehsal sektoru üzrə Satınalma Menecerləri İndeksi (SMİ) cari ilin əvvəlindən etibarən artmağa başlasa da, ilin ortalarından etibarən azalma meyli göstərmişdir. Sentyabr ayında SMİ ilin əvvəlindəki 50.0-dən 48.8-ə düşmüşdür. Bu, 2023-cü ilin noyabrından bəri ən aşağı göstəricidir. Azalmanın əsas səbəbi istehsal həcmlərindəki zəif artım, yeni sifarişlərin azalması, siyasi qeyrimüəyyənliklərin və işsizliyin artmasıdır. İndeks 2015-2019-cu illərdə müşahidə edilən orta səviyyədən (51.5) aşağı olmuşdur. ABŞ, Çin, Yaponiya və Aİ ölkələri üzrə sənaye aktivliyində azalma müşahidə edilmişdir”, - məlumatda qeyd olunub.
Fuad Mədətov
Fins.az