BANK

04 Dekabr

Maliyyə inklyuziyasının artırılması üçün bank hesablarının açılması təkmilləşdirilməlidir - Zakir Nuriyev

Rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq, məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdirilməlidir.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O, bildirib ki, maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslərin sadələşdirilməli olduğunu vurğulayıb.

Zakir Nuriyev əlavə edib ki, maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin sürətləndirilməsi üçün bu layihələrin təhlil edilməsi, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya mərkəzinin yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən innovasiya mərkəzinin yaradılması, maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm rol oynayacaq.

ABA sədri həmçinin qeyd edib ki, ödəniş kartları bazarının inkişafı və əlverişli tarif siyasətinin tətbiqi məqsədilə yerli və xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil edilməli, mümkün sui-istifadə hallarının və bazara mənfi təsir effektlərinin məhdudlaşdırılması vacibdir.

Fuad Mədətov
Fins.az