BANK

04 Dekabr

Azərbaycanda rəqəmsal ödənişlərdə 3 illik irəliləyiş: 606 milyard manat dövriyyə

Azərbaycanda son üç ildə həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu – AZİPS, XÖHKS və Ani Ödənişlər Sistemi (AÖS) üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2024-cü ilin ilk 10 ayında bu göstərici 3,6 dəfə artaraq 606 milyard manata çatıb.

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda məlumat verib.

Z. Nuriyev bildirib ki, cari ildə ölkə daxilində ödəniş kartları vasitəsilə aparılan əməliyyatların 63,8%-i nağdsız formada həyata keçirilib. O, qeyd edib ki, etibarlı, təhlükəsiz və dayanıqlı bankçılığın inkişafında rəqəmsal ödəniş ekosisteminin rəqabətədavamlı fəaliyyəti və davamlı inkişafı əsas amillərdən biridir.

Bundan əlavə, Nuriyev vurğulayıb ki, ödəniş xidmətləri və ödəniş sistemləri üzrə qanunvericilik bazasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəticəsində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziya alaraq fəaliyyətə başlayıb. Bu tənzimləmə və nəzarət mexanizmləri, ekosistem iştirakçıları üçün daha etibarlı və dayanıqlı tərəfdaşlıq mühitinin formalaşmasına şərait yaradıb.

Ani Ödənişlər Sisteminin infrastrukturunun təkmilləşdirilməsi, açıq bankçılıq platformasının yaradılması və sandbox rejimi vasitəsilə innovativ həllərin tətbiqi kimi istiqamətlər də bu islahatların vacib hissəsidir.

"Növbəti strateji dövrdə rəqəmsal ödəniş ekosisteminin beynəlxalq təcrübəyə uyğun daha da inkişaf etdirilməsi üçün lokal ödəniş kartlarının emissiyası geniş müzakirə edilməlidir," – deyə Z. Nuriyev əlavə edib. O bildirib ki, lokal ödəniş kartlarının tətbiqi ekosistemdə rəqabəti artırmaqla yanaşı, xidmət haqlarının tənzimlənməsinə və uzunmüddətli perspektivdə infrastrukturun dayanıqlılığının gücləndirilməsinə töhfə verəcək.

Fuad Mədətov
Fins.az