BANK

03 Dekabr

Mərkəzi Bankın "Pul siyasəti icmalı" yenilənmiş məzmunda ictimaiyyətin diqqətinə çatdırılıb

2024-cü il üzrə son hesabat dövründən başlayaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Pul siyasəti icmalı”nın strukturunda və məzmununda bir sıra yeniliklər edilib.

Fins.az Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir ki, dəyişikliklər əsasən makroiqtisadi proqnozlar bölməsinin əlavə olunmasını və monetar sferada gedən proseslərin daha ətraflı təhlilini əhatə edir.

Belə ki, icmalda Mərkəzi Bankın inflyasiya və iqtisadi artım üzrə son proqnozları öz əksini tapıb. Bundan başqa, icmalda monetar şəraitin əvvəlki icmalla müqayisədə daha ətraflı təhlili verilib, həmçinin pul bazarı, depozit və kredit bazarı bölmələri əlavə edilib. Pul bazarı bölməsində pul bazarındakı faizlərin dinamikası, eləcə də pul bazarının aktivlik göstəriciləri öz əksini tapıb.

Mərkəzi Bank tərəfindən “Pul siyasəti icmalı”nın təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Qeyd edək ki, AMB tərəfindən rüblük əsasda “Pul siyasəti icmalı” hazırlanaraq Bankın rəsmi internet səhifəsində yerləşdirilir. İcmal vasitəsilə Mərkəzi Bankın cari makroiqtisadi vəziyyət barədə təhlilləri, həyata keçirilən pul siyasətinin rolu və onun təsirləri geniş oxucu kütləsinin diqqətinə çatdırılır. İcmalın hədəf auditoriyası geniş ictimaiyyəti, akademik dairələri, medianı, müstəqil ekspertləri, jurnalistləri, tələbələri və digər maraqlı tərəfləri əhatə edir. Bu sahədə beynəlxalq təcrübə daim araşdırılır, icmalın strukturunda və məzmununda təkmilləşdirmə işləri aparılır.

Pul Siyasəti İcmalının tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

İcmal

Fuad Mədətov
Fins.az