BANK

03 Dekabr

Vüsal Xəlilov: Azərbaycan bank sektoru 2 milyard manatlıq yaşıl maliyyə öhdəliyi götürüb

Azərbaycanda "Yaşıl taksonomiya" dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradacaq.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.

“Azərbaycan bank sektoru iqlim dəyişikliyinə qarşı mübarizədə dayanıqlı inkişafı dəstəkləmək üçün iki milyard manat vəsait ayırmaq öhdəliyini üzərinə götürüb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məqsədlərə uğurla nail olmaq üçün ölkəmizdə "Yaşıl taksonomiya" qəbul edilib. "Yaşıl taksonomiya" investisiyaların ekoloji təsirini qiymətləndirməyə və maliyyə axınlarını ekoloji baxımdan davamlı layihələrə yönləndirməyə imkan verən mühüm çərçivədir. Bu addım təkcə bank sektorunun ekoloji məsuliyyətini artırmaqla qalmır, həm də dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradır.

Əminəm ki, banklarımız milli inkişafın əsas prioritetlərindən biri olan yaşıl iqtisadiyyata keçidi dəstəkləmək üçün bütün səylərini göstərəcək,” - deyə V.Xəlilov vurğulayıb.
 

Fuad Mədətov
Fins.az