Azərbaycan Mərkəzi Bankın (AMB) xüsusi tənzimləmə rejimində fəaliyyətin təşkili və idarə edilməsi çərçivəsində müəyyən etdiyi mərhələlər üzrə proseslər davam edir.
Finss.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, ilk mərhələnin yekunu olaraq xüsusi tənzimləmə rejimində iştirakla bağlı ümumilikdə 14 müraciət daxil olub. Daxil olan müraciətlər virtual aktivlər, kreditləşmə, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır.
Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin ilkin qiymətləndirilməsi prosesi başlayıb. Növbəti mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi aparılacaq və yekun qərar qəbul olunacaq.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə cəmləyən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub.
Xüsusi tənzimləmə rejiminin istehlakçıların hüquqlarının qorunması, maliyyə sektorunda formalaşa bilən potensial risklərin effektiv idarə edilməsi və ümumilikdə maliyyə sisteminə inamın yüksəldilməsi istiqamətinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.