BANK

14 Fevral

AMB-nin maliyyə strategiyası: İnkişafın 4 əsas istiqaməti

Azərbaycan Maliyyə Forumunda çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev 2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının uğurlu icrası ilə bağlı əhəmiyyətli məqamları açıqlayıb.
Finss.az xəbər verir ki, T.Əliyev strategiyanın ilk ilinin yekunlaşdığını bildirərək, onun icrasının ölkənin maliyyə sistemi və beynəlxalq reytinqlərdə müsbət nəticələr verdiyini vurğulayıb.
Maliyyə sabitliyinin gücləndirilməsi
T.Əliyev bildirib ki, maliyyə sektorunun inkişafı dörd əsas istiqamət üzrə həyata keçirilir. Birinci istiqamət maliyyə sektorunun sabitliyini təmin etməkdir:
"2024-cü il ərzində Mərkəzi Bank prudensial tənzimləmə çərçivəsinin modernizasiyasını davam etdirmiş, banklarda korporativ idarəetmə standartlarına yenidən baxmış, sığorta və investisiya şirkətləri üçün yeni standartlar tətbiq etmişdir."
O, həmçinin risklərin idarə edilməsi və effektiv nəzarət sistemlərinin gücləndirildiyini qeyd edib:
"Mərkəzi Bank tərəfindən ‘Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası’ və ‘Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi’ təsdiq edilmişdir. Banklarda ekoloji risklərin idarə edilməsi və əməliyyat risk menecmenti üzrə tənzimləmələrin tətbiqinə start verilmişdir.”
Maliyyə inklüzivliyi və vasitəçiliyin genişləndirilməsi
İkinci mühüm istiqamət kimi maliyyə inklüzivliyinin artırılması qeyd olunub. T. Əliyevin sözlərinə görə, əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün bir sıra addımlar atılıb:
"Banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilmiş, kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni qaydalar tətbiq edilmişdir. Həmçinin ‘Yaşıl Taksonomiya’ təsdiqlənmiş və maliyyə inklüzivliyinin artırılması üçün geniş maarifləndirmə tədbirləri həyata keçirilmişdir."
Rəqəmsallaşma və yeni maliyyə texnologiyaları
Üçüncü əsas istiqamət rəqəmsal texnologiyaların tətbiqi və innovasiyaların inkişafıdır. Toğrul Əliyev bu sahədə görülən işlərə toxunaraq qeyd edib:
"2023-cü ildə ‘Ödəniş xidmətləri və sistemləri haqqında’ Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoymuşdur. Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılmışdır. Eyni zamanda, ‘Açıq bankçılıq’ üzrə tələblər təsdiq olunmuş, maliyyə innovasiyalarının inkişafı üçün xüsusi tənzimləmə rejimi tətbiq edilməyə başlanmışdır."
O, həmçinin bildirib ki, artıq bu rejim çərçivəsində 21 müraciət qeydə alınıb və 4 innovativ məhsul sınaqdan keçirilir.
İstehlakçıların hüquqlarının müdafiəsi və maarifləndirmə
Sonuncu istiqamət kimi istehlakçı hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması məsələləri vurğulanıb. Toğrul Əliyev bu istiqamətdə mühüm addımlar atıldığını qeyd edib:
"Maliyyə institutlarının bazar davranışlarına dair tələblər layihəsi hazırlanmış, istehlakçıların hüquqlarının müdafiəsi üçün geniş maarifləndirmə proqramları həyata keçirilmişdir. Bu il bazar davranışlarının tənzimlənməsi xüsusi prioritet təşkil edəcək."
O, həmçinin Azərbaycan Banklar Assosiasiyası, Mikro-Maliyyə Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyasının bu prosesdə mühüm rol oynadığını qeyd edib.
Toğrul Əliyev çıxışını yekunlaşdıraraq bildirib ki, Mərkəzi Bank qarşıdakı dövrdə də maliyyə sektorunda innovativ ekosistemin inkişafını təşviq edəcək və sektorun uzunmüddətli sabitliyini təmin edəcək.

Fuad Mədətov
Finss.az