Azərbaycan Mərkəzi Bankı (AMB) makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin genişləndirilməsi və resursların effektiv bölgüsünün dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üçün **“Dünyanın İnkişafı haqqında Hesabat”**ının (World Development Report – WDR) Bakıda keçirilən yüksək səviyyəli təqdimat mərasimində bildirib.
"Maliyyə sektoru 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində maliyyə alətlərinin şaxələndirilməsi və dayanıqlı maliyyələşmənin təşviqi yolu ilə ev təsərrüfatları və bizneslərin maliyyələşdirilməsini davam etdirəcək. Ənənəvi kanallardan rəqəmsal maliyyə vasitəçiliyinə keçid isə maliyyə inklüzivliyini daha da gücləndirəcək. Bununla yanaşı, ev təsərrüfatlarının və bizneslərin maliyyə savadlılığının artırılması əsas prioritetlərdən biri olacaq", – deyə o vurğulayıb.
T.Kazımovun sözlərinə görə, bank sektorunun dayanıqlılığının gücləndirilməsi, sığorta, qiymətli kağızlar və ödəniş sistemlərinin inkişafı maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində artan rolunu dəstəkləyəcək:
“Məqsədimiz yüksək rəqabət qabiliyyətinə malik sahələrə maliyyələşdirməni gücləndirmək, innovasiyalara daxili və xarici investisiyaları cəlb etməkdir. Hesab edirəm ki, güclü və etibarlı maliyyə sektorumuz orta gəlir tələsindən çıxışda mühüm rol oynaya bilər. Bundan əlavə, AMB hökumət, Dünya Bankı və digər tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək ki, siyasətimiz 2025-2029-cu illər üçün yeni Ölkə ilə Tərəfdaşlıq Çərçivəsində müəyyən edilmiş strateji prioritetlərə uyğun olsun”, – deyə o əlavə edib.