Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) ödədiyi mənfəət vergisinin həcmi 41,6 milyon manat olub.
Finss.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 24,2 milyon manat və ya 2,4 dəfə artıb. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı BOKT-ların ödədiyi mənfəət vergisinin həcmi 17,4 milyon manat olub.
Bununla yanaşı, ötən ilin sonunda BOKT-ların xalis mənfəətlərinin həcmi 157,1 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 81,3 milyon manat, yaxud da 2,1 dəfə çoxdur. 2023-cü ilin sonunda BOKT-ların xalis mənfəətlərinin həcmi 75,8 milyon manat idi.
Qeyd edək ki, bank olmayan kredit təşkilatı xüsusi lisenziya əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. Hazırda Azərbaycanda 57 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Fuad Mədətov
Finss.az