BANK

04 Fevral

Azərbaycan bank sektoru 2025-2026-cı illərdə ikirəqəmli artım gözləyir – S&P proqnozu

SP Global Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının reytinqini dəyişməz saxlayıb.

Finss.az agentliyə istinadən xəbər verir ki, yerli bankların əsas reytinqi "bb-" səviyyəsində təsdiqlənib.

SP qeyd edib ki, Azərbaycanın bank sektoru yüksək əmtəə qiymətləri, kredit tələbatının artması və aktiv keyfiyyətinin yaxşılaşması fonunda əlverişli makroiqtisadi şəraitdən faydalanır.

Neft qiymətlərinin sabit qalması və iqtisadi artım bank sektorunun kredit portfelinin genişlənməsinə müsbət təsir edib. Belə ki, 2024-cü ildə kredit portfeli həm pərakəndə, həm də korporativ kreditlərin artması nəticəsində təxminən 20% genişlənib. Agentlik 2025-2026-cı illərdə infrastruktur investisiyaları və əsas siyasət faiz dərəcəsinin azalması hesabına kredit portfelində ikirəqəmli artım gözləyir.

Hesabata görə, 2024-cü ilin sonuna olan məlumata əsasən, bankların tikinti sektoruna verdiyi kreditlər ümumi kredit portfelinin təxminən 5%-ni, ipoteka kreditləri isə 15%-ni təşkil edir. Bankların bu sektorlara məhdud maliyyə ayırması potensial risklərin azalmasına kömək edir.

SP Global Ratings həmçinin Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 2024-cü ildə 10-15% artdığını, 2025-ci ildə isə artımın 10%-dən aşağı olacağını proqnozlaşdırır.