BANK

04 Fevral

Kredit faizləri niyə artır? – Vüqar Bayramov

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin dinamikasıdır. Son illər kredit faizlərinin azalacağı ilə bağlı gözləntilər mövcud olsa da, əksinə, faiz dərəcələrində artım müşahidə olunur. Monitorinqlər göstərir ki, xüsusilə sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində nəzərəçarpacaq yüksəliş qeydə alınıb. Bu tendensiyanı Mərkəzi Bankın rəsmi statistikası da təsdiqləyir.

Finss.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov kredit faizlərinin artması ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputatın sözlərinə görə, Mərkəzi Bankın məlumatına əsasən, 2023-cü ilin yanvar ayına olan göstəricilərə görə, ölkədə kredit portfeli 19 milyard 594 milyon manat təşkil edib və həmin dövrdə orta kredit faizi 12.27% olub. Bir il sonra bu rəqəmlər artaraq kredit portfelinin 23 milyard 182 milyon manata, faiz dərəcəsinin isə 12.58%-ə yüksəldiyini göstərib. 2024-cü ilin yanvar ayına olan məlumata əsasən isə, kredit portfeli 27 milyard 477 milyon manata çatıb və orta kredit faizi 13.19%-ə yüksəlib.

Beləliklə, son iki il ərzində ölkədə orta kredit faizləri 12.27%-dən 13.19%-ə qədər artıb. Deputat vurğulayıb ki, orta faiz göstəricisinə ipoteka və real sektora verilən güzəştli kreditlər də təsir edir. Lakin istehlak kreditləri üzrə faiz dərəcələri bu orta göstəricidən xeyli yüksəkdir.

V.Bayramovun fikrincə, kredit faizlərinin yüksəlməsi əsasən bankların cəlb etdiyi vəsaitlərin bahalaşması ilə bağlıdır. Xüsusilə, sistem əhəmiyyətli banklarda depozit faizlərinin artması bankların daha yüksək dərəcələrlə vəsait cəlb etməsinə səbəb olub ki, bu da öz növbəsində kredit faizlərinə təsirsiz ötüşməyib.

Bundan əlavə, kapital bazarındakı faiz dərəcələrinin yüksək olması da kredit faizlərinin bahalaşmasında rol oynayır.

Deputat hesab edir ki, Mərkəzi Bank kredit faizlərinin optimallaşdırılması üçün əlavə tədbirlər görməlidir. Bununla yanaşı, bankların daha ucuz maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki kredit faizlərinin artması əhalinin daha baha borclanmasına və real sektorda əlavə xərclərin yüksəlməsinə səbəb olur.

Fuad Mədətov
Finss.az