Dünya Bankı (DB) "Baku Harmoniya" təşəbbüsünə dəstək göstərəcək.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının kənd təsərrüfatı və ərzaq üzrə qlobal məsələlər üzrə direktoru Şobha Şetti COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
“COP29-da ‘Baku Harmoniya’ təşəbbüsünün təqdimatı münasibətilə sizi təbrik edirəm. Bu təşəbbüs bilik mübadiləsi və yayımı, investisiyaların cəlbi və kiçik fermerlərin imkanlarının genişləndirilməsi üçün vacib bir alət olacaq. Təşəbbüs, dayanıqlı kənd təsərrüfatının təşviqi, ərzaq təhlükəsizliyinin təmin olunması və yoxsulluqdan azad, yaşamaq üçün əlverişli bir dünya yaratmaq məqsədilə kənd yerlərinin inkişafına dəstək sahəsində Dünya Bankının öhdəlikləri ilə mükəmməl uyğunlaşır," – deyə Şetti vurğulayıb.
Dünya Bankının direktoru qeyd edib ki, Dünya Bankı (DB) kiçik fermerlərə və aqrar-ərzaq sektorunda iqlim maliyyələşdirilməsinə dəstək üçün aparıcı maliyyə mənbəyi olaraq, "Baku Harmoniya" təşəbbüsünə öz bilik və təcrübəsini tətbiq edəcək.
“Biz aqrar-ərzaq sektorunun dayanıqlı transformasiyası üzərində işimizi üç əsas baza üzərində qururuq: biliklər, maliyyə və tərəfdaşlıq. Paris Sazişi imzalanandan bəri Dünya Bankı kənd təsərrüfatına illik iqlim yönümlü investisiyalarını 8 dəfə artıraraq, 2023-cü maliyyə ilində təxminən 3 milyard dollara çatdırıb. Keçən maliyyə ilində kənd təsərrüfatı və ərzaq sektorlarına yönələn ümumi kreditləşmədə iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəldilən vəsaitlərin payı 62 faiz təşkil edib ki, bu da əvvəlki ilin 51 faiz göstəricisindən xeyli yüksəkdir. Biz, həmçinin, 2030-cu ilə qədər aqrofinans və aqrobiznes sahəsində öhdəliklərimizi ikiqat artıraraq, illik 9 milyard dollara çatdırmaq üzərində çalışırıq,” – deyə o əlavə edib.
Fuad Mədətov
Fins.az