BANK

16 Noyabr

Dünya Bankı "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasını dəstəkləməyə hazırdır

Dünya Bankı "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında bütün ölkələri dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Fins.az xəbər verir ki, bunu Dünya Bankının rəqəmsal transformasiya üzrə vitse-prezidenti Sanq-Bu Kim “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

O, bildirib ki, keçən il yalnız yaşıl rəqəmsal texnologiyalara olan investisiyalarını üç dəfə artıraraq 700 milyon dollara çatdırıblar və gələcəkdə də bu dəstəyi daha da genişləndirməyi planlaşdırırlar.

Dünya Bankı, bu günə qədər bəyannaməyə qoşulan ölkələri və gələcəkdə iştirak edəcək tərəfdaşları "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında dəstəkləməyə hazır olduqlarını vurğulayıb. Bu təşəbbüs, yoxsulluqdan azad və yaşamaq üçün uyğun bir planet yaratmaq məqsədini daşıyır.

Qeyd edək ki, "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji, təmiz hidrogen və digər ətraf mühitlə əlaqəli məsələlər üzrə 14 müxtəlif təşəbbüslə əlaqələndirilir. Bu tədbir, dünya miqyasında yaşıl və rəqəmsal texnologiyalarla əlaqədar ciddi investisiya və fəaliyyət planlarını dəstəkləməyi hədəfləyir.