Xüsusi tənzimləmə rejimində iştirakla bağlı növbəti müraciətlərin qəbulu tarixi müəyyən olunub. Azərbaycan Mərkəzi Bankında (AMB) 15 dekabr 2024-cü il tarixindən ikinci dövrdə iştirakla bağlı başlayacaq qəbulun 15 yanvar 2025-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulub.
Bu barədə Fins.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi məqsədilə tətbiq edilən xüsusi tənzimləmə rejimi bu mühüm təşəbbüslər sırasındadır.
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulunun sınağı Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir.
Qeyd edək ki, xüsusi tənzimləmə rejimində iştirakla bağlı may ayında başlamış ilk qəbul dövründə 4 innovativ məhsul seçilərək sınaqdan keçirilmə imkanı qazanıb.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları müraciətlərin qəbulu tarixi başladıqdan sonra xüsusi internet səhifəsi ( sandbox.cbar.az ) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkün olacaq.
Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.
Fuad Mədətov
Fins.az