Proqnozlara görə, 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi 11 milyon tona çatacaq.
Fins.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankına (AİB) istinadən məlumat verir.
AİB-dən bildirilib ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə bu göstərici 2,7 milyon ton olub ki, bu da 2022-ci illə müqayisədə 86 faiz artım deməkdir. 2024-cü il üçün proqnozlaşdırılan yükdaşıma həcmi isə 4 milyon tondur.
“Proqnozlara görə, 2030-cu ilə qədər Çinin qərb sərhədindən Avropaya olan daşınma müddəti yarıya enəcək, daşımalar isə 3 dəfə artaraq, 11 milyon tona çatacaq,” – bankın məlumatında deyilir.
AİB, həmçinin vurğulayıb ki, Orta Dəhlizin uğurlu istifadəsinin ən parlaq nümunələrindən biri 2022-ci ilin may ayında Çinlə Avropa arasında finlandiyalı "Nurminen Logistics" nəqliyyat şirkəti tərəfindən yeni marşrutun istifadəyə verilməsidir.
Qeyd edilib ki, Orta Dəhliz Çindən Avropaya mal tədarükü üçün ən qısa yoldur. Dəhliz Mərkəzi Asiya və Xəzər dənizindən keçir, daha sonra isə Cənubi Qafqaz və Türkiyəyə yönəlir.
Fuad Mədətov
Fins.az