BANK

01 Noyabr

Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 511 milyon manata yaxın kredit verilib - İKZF

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 511 milyon manata yaxın kredit verilib ki, bunun da 80 milyon manata yaxını bu ilin yanvar-oktyabr aylarının payına düşüb.

Fins.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu gün qurum Bakı KOB Evində iqtisadçı-ekspertlərlə görüş keçirib. Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə qurumun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib. O, bildirib ki, Prezident İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.

Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, ölkə Prezidentinin 24 avqust 2022-ci il tarixli fərmanı ilə Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Bu ildən daha 2 alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.

Görüşdə ekspertlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda tədbir iştirakçıları Fondun Bakı KOB Evində fəaliyyət göstərən xidmət pəncərəsinin fəaliyyəti ilə və Bakı KOB evində sahibkarlara təqdim olunan xidmətlərlə tanış olublar.

Fuad Mədətov
Fins.az