BANK

31 Oktyabr

Mərkəzi Bank Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini BAĞLAYIR

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, qərarın qəbul edilməsi ölkədə fəaliyyət göstərən bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov 90 və Əliyar Əliyev 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcəkdir.

Aparılmış optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar Mərkəzi Bankın aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.

Bakı şəhəri:

Mərkəzi Bankın inzibati binası, Bülbül prospekti 27

Yevlax şəhəri:

Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Heydər Əliyev prospekti 82

Biləsuvar şəhəri:

Biləsuvar Regional Mərkəzinin inzibati binası, Heydər Əliyev küçəsi 2B

Naxçıvan şəhəri:

Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Cəlil Məmmədquluzadə küçəsi 32

Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə əlaqədar müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada Mərkəzi Banka ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Elektron xidmətlər portalı” vasitəsilə və ya //randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara Mərkəzi Bankın “966 Qaynar Xətti” vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur.

Fuad Mədətov
Fins.az