BANK

04 Oktyabr

"Bank Melli İran"ın Bakı Filialının kredit portfeli və aktivlər azalıb

2024-cü ilin III rübündə "Bank Melli İran"ın Bakı filialı 5,02 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,8 dəfə artımdır.

Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin III rübündə bank 2,79 milyon manat mənfəətlə rübü tamamlayıb. Xalis faiz gəlirləri də ciddi artış nümayiş etdirərək 2023-cü ildəki 2,18 milyon manatdan 2024-cü ildə 3,72 milyon manata yüksəlib.

Buna baxmayaraq, bankın aktivləri azalmağa davam edir. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, bankın aktivləri ötən ilin sonuna nisbətən 3% və ya 3,5 milyon manat azalaraq 118,3 milyon manata düşüb. Bankın müştərilərə verdiyi kreditlərin həcmi isə 2,3 dəfə azalıb və kredit portfeli cəmi 1 milyon 780 min manata enib.

Bununla yanaşı, bankın öhdəlikləri 72,13 milyon manat, cəmi kapitalı 46,18 milyon manat, yığılmış zərəri isə 27,43 milyon manat olub.

Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən bank Mərkəzi Bankın tələbi ilə depozit qəbulu və kredit verilməsini dayandırıb.

Fuad Mədətov
Fins.az