BANK

01 Oktyabr

Azərbaycan Dəmir Yolları rəqəmsal transformasiyaya başlayır

Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu maliyyə dəstəyi, ölkənin dəmir yolu sisteminin təhlükəsizliyini, səmərəliliyini və etibarlılığını artırmaqla yanaşı, tranzit və logistika imkanlarını genişləndirməyə xidmət edəcək.

Fins.az xəbər verir ki, AİB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov layihənin Azərbaycanın regionda ticarət və əlaqə mərkəzi kimi rolunu gücləndirəcəyini bildirib. Jukovun sözlərinə görə, modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Azərbaycanın Şərqi və Mərkəzi Asiya ilə Avropa arasındakı strateji mövqeyini daha da əhəmiyyətli edəcəkdir.

Layihənin məqsədləri

Kredit vəsaitləri ADY-nin əsas proseslərinin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlərin və investisiyaların planlaşdırılması, müştəri məlumatlarının emalı və korporativ funksiyaların rəqəmsallaşdırılmasına yönəldiləcəkdir. Bu, ADY-nin əməliyyatlarını optimallaşdıracaq, maliyyə göstəricilərini yaxşılaşdıracaq və Azərbaycanın dəmir yolu şəbəkəsinin rəqabət qabiliyyətini artıracaq.

AİB-nin rəqəmsallaşdırma təşəbbüsü əməliyyatların səmərəliliyini və Azərbaycanın regional tranzit dəhlizlərindəki potensialından tam istifadəni təmin edəcək. Xüsusilə məlumat idarəetməsinin optimallaşdırılması, aktivlərin daha səmərəli idarə olunması ADY-nin əməliyyatlarına müsbət təsir göstərəcəkdir.

Azərbaycan və AİB əməkdaşlığı

Xatırladaq ki, Azərbaycan 1999-cu ildə AİB-yə qoşulub və o vaxtdan bəri nəqliyyat, enerji, kənd təsərrüfatı və səhiyyə sektorları üzrə ölkədə müxtəlif suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayrılıb. 1966-cı ildə təsis edilən AİB-nin 68 üzvü var ki, bunlardan 49-u Asiya və Sakit Okean regionundan olan ölkələrdir.