BANK

27 Sentyabr

Sektorun likvid aktivləri sabitliyi dəstəkləyir

2024-cü ilin ilk yarısında Azərbaycanın bank sektorunun likvid aktivləri 0,6 milyard manat və ya 5% azalaraq 12,5 milyard manata düşüb.

Fins.az xəbər verir ki, bu məlumatlar Azərbaycan Mərkəzi Bankının (AMB) “2024-cü ilin I yarısı üzrə Maliyyə Sabitliyi Hesabatı”nda açıqlanıb.

Hesabata görə, likvid aktivlərin 33%-i nostro hesablardakı vəsaitlərdən, 38%-i qiymətli kağızlara investisiyalardan, 18%-i nağd vəsaitlərdən, 11%-i isə AMB-dəki müxbir hesablarda olan vəsaitlərdən ibarətdir. Likvid aktivlərin 51%-i milli valyutada, 49%-i isə xarici valyutadadır.

Hesabatda sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudenisal alətlərin tətbiqi çərçivəsinə uyğunlaşdırıldığı vurğulanır. Ani likvidlik əmsalı 50% olmaqla, minimum normativ olan 20 faiz bəndini üstələyir. Sektorun aktivlərinin 25%-ni likvid vəsaitlərin təşkil etməsi, sektorda potensial likvidlik şoklarına qarşı adekvat buferin mövcud olduğunu göstərir. Bütün banklar üzrə likvidliyin örtülmə əmsalı (LCR) normativləri üstələyərək, müvafiq olaraq 141% və 202% təşkil edib. Bu göstəricilər, bankların qısamüddətli likvidlik şoklarına qarşı dayanıqlılığını artırmaqla yanaşı, yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanmasını təmin edir.